Sağlam həyat tərzi
30 may tarixində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Sağlam həyat tərzi" mövzusu ilə əlaqədar olaraq Məktəbin direktoru Firəngiz Həsənova və Xb sinfi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya edib. Şagirdlərə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Bildirilib ki, 5 min əvvəl burada yaşayış olub. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri var. Memarlıq abidələri orta əsrlərə aid edilir.Bildirilib ki, bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildəHeydər ƏliyevFondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksi ərazisində ölkəmizə, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri ilkin görünüşdə qurulub.Gənc memarlar 1,5 hektar ərazini əhatə edən muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri, qeyd olunmuş xəritə, plan, sxem və yarımadaya məxsus abidlərin təsvir olunmuş stendlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evini gəzib, təsərrüfatın canlı nümunələri – qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olublar.