Muzeylərə ekskursiya
Məktəbin 6a sinfinin sinif rəhbəri Zəhra Nuriyeva şagirdləri ilə Milli İncəsənət Muzeyi, və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiya təşkil edib.
Bələdçi şagirdlərə Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının dəyəri və zənginliyi baxımından dünya miqyasında olan nüfuzlu muzeylərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın ən aparıcı mədəniyyət ocaqlarından biri olan və zəngin kolleksiyasında 18000-dən artıq eksponatın saxlanıldığı Azərbaycan Milli İncəsənət Muzeyi milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva edir.
Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiya edən şagirdlər Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materiallarla tanış olub. Bütün bunların Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələri olduğu şagirdlərə bildirilib.
Muzeyin kolleksiyası ilə tanışlıq şagirdlərdə milli, eləcə də dünya incəsənəti haqqında dolğun və ətraflı təsəvvür yaradıb.