"Dilimizi qoruyaq"
Noyabrın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova tərəfindən "Dilimizi qoruyaq" mövzusunda "dəyirmi masa" keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidlərin əziz xatirəsi anılıb. Tədbiri giriş sözü ilə açan Ceyran Həşimova ana dilimizin Vətən və xalqımızın varlığı olduğunu vurğulayıb. Aparıcı Səfurə Hacıyeva hazırladığı slaydda dilimizin keçdiyi tarixi inkişaf yolunu işıqlandırıb və mərhələlər üzrə müzakirə əsasında söhbətlər aparılıb. Suallar motivasiya xarakterli olduğundan ana dilinin tarixi, onun inkişaf mərhələləri, dilimizə olan dövlət qayğısı, ziyalılarımızın bu yolda apardığı mübarizələr müzakirə obyektinə çevrilib. Daha sonra 8 "A" sinif şagirdləri X.Rza Ulutürkdən, T.Bayramdan və B.Vahabzadədən şeirlər söyləyiblər. Ulu Öndər Heydər Əliyevin ana dilimizə aid aforizmləri səsləndirilib. Tədbirin sonunda məktəbin direktoru Əzizə Abasova çox orijinal nitqi ilə ana dilinin qorunmasından və gələcək nəsillərə ötürülməsindən danışıb və T.Bayramdan şeir söyləyib. Şagirdlər "Dəyirmi masa"dan çox razı qalıblar və söyləyiblər ki, bu dili qorumağı Vətən borcu bilirik.