Vətənpərvərlik güşələri

Gənclərdə vətənpərvərlik tərbiyyəsinin formalaşmasının əsasının orta məktəblərdə qoyulmasının zəruriliyi barədə dəfələrlə deyilib və sübuta yetirilib. Bu işdə pedaqoqların xüsusi rolunun olması ekspertlər tərəfindən dəfələrlə təsdiqlənib. Bildirilib ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Məktəbimizin GÇH fənni üzrə mütəxəssis, polkovnik - leytenant Novruz İsmiyev bildirib ki, şagirdlərə Azərbaycanın hərb tarixi barədə dolğun məlumat verməklə onların ruhunu bu sahəyə yönəltmək mümkündür. Azərbaycan Demokratik Respublikasının hərb tarixinə parlaq səhifələr yazmış S. Mehmandarovun, Ə. Şıxlinskinin, İ. Vəkilovun, İ. Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail olmaq mümkündür: "Şagirdlərin "Faktiki və atəş hazırlığı", "Sıra təlimi", "Hərbi topoqrafiya" ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsinin inkişafı ilə şərtlənir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqədə insan şəxsiyyətinin formalaşmasına təsir edir". Onun sözlərinə görə, orta məktəblərdə çalışan hər bir müəllim tədris etdiyi fənnindən asılı olmayaraq şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi önə çəkməlidir.