FƏXRİMİZ

1990 - ci  yanvarın 19 - dan  20 - nə keçən gecə  sovet  ordusu  Bakı  şəhərinə  daxil  olaraq, dinc  əhalini vəhşicəsinə  gülləbaran  edib.  Hadisə  nəticəsində  138  nəfər  şəhid   olub,  744 nəfər  yaralanıb,  841  nəfər  qanunsuz olaraq  həbs  edilib.  

İlqar  Əbilhəsənovda  bu  faciə  zamanı şəhid olub.  Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda dünyaya gəlib.

İlqar haqqında qardaşı Yavər Əbilhəsənov danışır: – Ailədə beş uşaq idik, İlqar sonbeşiyimiz olub. Çox dəcəl və xeyirxah uşaq idi. Nəsimi rayon 42 saylı orta məktəbi bitirdi. Həmin məktəb bu gün onun adını daşıyır. Hərbi xidmətə yollandı. Qayıdandan sonra Xalq Təsərrüfatı İnstitutuna  ( indiki  Azərbaycan  Dövlət  İqtisad  Universiteti - UNEC ) qəbul olundu. Əyani təhsil alırdı. Ailəmizdə hamı hərbçidir, atam da, mən də.  O da bizə bənzəmək istəyirdi.  Üç   il oxuyandan sonra axşam növbəsinə keçib,  polis  orqanlarında işə düzəldi. Bu sahəyə sırf forma  geyinmək  üçün keçdi, çox istəyirdi ki, “paqonları” olsun…   

- Hadisə baş verən zaman  İlqar   iş başında idi. 

 O vaxt Yasamal rayon polis  idarəsində  çavuş idi. İki il idi çalışırdı. V kursda oxuyurdu. Növbəsinin bitməyinə lap az qalmış, gecə 12 radələrində yaralanıb… Hadisə baş verəndə mən Naxçıvanda iş başında idim. Xəbəri aldım… Yollar bağlı idi, təyyarə ilə özümü çatdırdım. Güllə qara ciyərini dağıtmışdı. Əməliyyat beş saatdan çox çəkdi, qara ciyərini götürdülər… Şəhərdə vəziyyət çox gərgin idi. İlqarı əməliyyat edən günü xəstəxananın işıqlarını da kəsmişdilər. Həkimlər qəzetləri yandırıb əməliyyatı onun işığında edirdilər.  Əməliyyatdan sonra iki gün yaşadı, amma ağır idi, həkimlər ümid vermirdi… Halsız idi, heç nə danışa bilmirdi. Sonuncu günü isə… Anam, atam, bütün ailə yanında idik. Halsız vəziyyətdə uzanmışdı. Onda danışdı…

– Bircə kəlmə dedi ki, “məni bağışlayın, mən getdim”. Onu deyib, keçindi… Başqa söz deyə bilmədi… Biz uzunömürlü nəsilik.  Babalarım yüzdən çox ömür yaşayıblar. İlqarın dərdi isə valideynlərimi həyatdan tez apardı. Son günlərinə kimi hər həftə Şəhidlər Xiyabanına gedirdilər… İndi isə balalarımız gedir. Əmiləri ilə fəxr edirlər. Mən isə gedə bilmirəm. Gözümün qabağında böyüyən uşağın məzarına baxa bilmirəm. Yadıma uşaqlığı gəlir… Çox dəcəl idi, elə hey ora-bura qaçırdı. Elə bil harasa tələsirdi. Sanki hər şeyi 22 ilə sığışdırmaq istəyirdi, amma sığışdıra bilmədi…Vətənini çox sevirdi…

– Yenicə nişanlanmışdı. Yayda, məzun olan kimi toyunu edəcəkdik. Faciədən sonra uzun müddət nişanlısı matəm saxladı. Sonra ailə qurdu və övladına İlqarın adını verdi. Bu günə qədər də ailəmizlə əlaqə saxlayır…

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi