Dünyada Uşaq Olmaq

30 may tarixində Məktəbimizin Klublar və Dərnəklər Cəmiyyətinin nəznində fəaliyyət göstərən Uşaq Hüquqları Dərnəyi tərəfindən təşkilatçılar tarix müəllimi Əliyeva Aynurə və 8c sinif şagirdi Məmmədli Ömər tərəfindən "Dünyada Uşaq Olmaq" adlı maarifləndirici tədbir uğurla təşkil olundu. Şagirdlərin səhnələşdirilmiş çıxışları, təqdimatlar və fərdi monoloqları tədbirə həm informativ, həm də emosional dəyər qatdı. İştirakçılar müxtəlif ölkələrdə uşaq olmaq təcrübəsi ilə tanış oldu, hüquq və imkan bərabərsizliyi mövzularını müzakirə etdilər. Bu təşəbbüs göstərdi ki, uşaqlar yalnız dinləyici deyil, həm də danışan və düşündürən tərəfdir. Onların səsi dəyişimin əsas açarıdır. Həmçinin şagirdlər BMT-nin Uşaq Hüquqları Konvensiyasından seçilmiş maddələri təqdim edərək maarifləndirici çıxışlar etdilər. Kəngərli Ədibə müəllimin rəhbərliyi ilə məktəblilərin xor ifası tədbirə bənzərsiz bir ahəng qatdı. Tədbir zamanı 8c sinif şagirdi Mirzəzadə Rauf tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi və bu mövzuda dərin düşüncələrə səbəb olaraq, uşaqların dünyaya baxışını daha da yaxşı anlamağa kömək etdi. Bu tədbir, uşaqların səsi olmağa, onların hüquqlarını tanımağa və ən önəmlisi, hər bir uşağın dinc və xoşbəxt bir dünyada yaşamaq haqqı olduğunu bir daha xatırlatmağa xidmət etdi.
Tədbirin sonunda məktəbin direktor əvəzi Gülşən Allahverdiyeva, məktəbin Çağrışaqədərki hazırlıq rəhbəri Novruz İsmiyev, tərbiyə işləri üzrə təşkilatçı Gülnarə Zeynalabdinova tədbirin əhəmiyyəti barədə çıxış etdilər və şagirdləri "1 İyun - Uşaq Günü" münasibəti ilə təbrik etdilər.