Milli qəhrəman Mübariz İbrahiovun anım günü keçirildi

07 fevral 2019 tarixində məktəbimizdə Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun anım günü keçirildi. Həmin gün məktəbimizin GÇH müəllimi Novruz İsmiyev və idman müəllimi Kənan Əhmədov şagirdlərlə birlikdə qəhrəmanın anım gününü onun qəbri üstə yad etdilər.
Şəhid İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 2005-ci ildə orta təhsilini başa vurub. Eyni ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirən qəhrəmanımız 2007-ci ildə hərbi xidmətini çavuş rütbəsi ilə başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra qısa müddət mülki işlərdə çalışan Mübariz İbrahimov 2009-cu ildə yenidən hərbi xidmətdə çalışmağa başlayır. Bir müddət sonra isə o, könüllü şəkildə gizir rütbəsi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmət etməyə gedir. Bu cəbhələrdə olan döyüşlərin birində qəhrəmancasına həlak olaraq şəhid zirvəsinə ucalır.
Milli Qəhrəman, gizir Mübariz İbrahimov 2010-cu il iyun ayının 19-da gecə saat 11-12 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək vuruşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxaran Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.