STEM termini Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni yanaşmalardan biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisinin ayrı- ayrılıqda yox, birlikdə -əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həlletmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqaləi olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin keçirilməsi üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin hazırlanmasında və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir.