“Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadası

BŞTİ-nin 31.10.2022-ci il tarixli F-362 nömrəli əmrinə əsasən 26.11.2022-ci il tarixində məktəbimizdə VIII-X sinif şagirdləri arasında “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının məktəb mərhələsi keçirildi. Olimpiadada şagirdlərə mərkəzləşdirilmiş qaydada tərtib olunmuş 25 sualdan ibarət test toplusu təqdim edildi. Şagirdlər həvəslə olimpiadada iştirak etdilər. Olimpiada 1 saat müddətində davam etdi. Şagirdlərə təqdim olunan suallar Vətən müharibəsi haqqında idi. 27 sentyabr 2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 8 noyabr 2020-ci il Qarabağa yenidən qovuşduğumuz tarixdir. Bu böyük Qələbə Günüdür! Şanlı tariximizi taclandıran Zəfər Günüdür. “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının keçirilməsinin məqsədi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsi haqqında şagirdlərin biliklərini artırmaq, müasir gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, Azərbaycan tarixini hərtərəfli öyrətmək, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə sadiq gənclər yetişdirməkdir.