GÖRKƏMLİ ELM XADİMİ LÜTFİ ZADƏNİN 100 İLLİYİ

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) 2021-ci ilin fevral ayında anadan olmasının 100 illiyi tamam oldu.
Fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis (Fuzzy Logic) məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir.
Lütfi Zadənin dünya miqyasında yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.