Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi məhz sistemli ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə bir çox tədbirlər və layihələr irəli sürülür. Belə layihələrdən biri də məktəbimizin şagirdlərinin böyük ruh yüksəkliyi ilə qoşulduğu “7-dən 17-yə Vətənpərvər” layihəsidir. Layihənin əsas məqsədi Azərbaycanin tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, Anım günü və Zəfər günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkilidir. Belə layihələr, tədbirlər əsasında şagirdlərə tanımaq istədikləri görkəmli şəxsiyyətləri, ziyalıları tanınmış yazıçıları, ictimai siyasi xadimləri yaxından tanımaq, onlarla görüşmək imkanı yaradır. Elə bu məqsədlə də məktəblimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva layihə çərçivəsində psixoloq, ictimai siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Ana Vətən Partiyasının qadınlar şurasının sədri, eyni zamanda 36 nömrəli tam orta məktəbin fəxri məzunlarından biri olan Milli Vəkili Günay Ağamalı ilə görüş təşkil etmişdir. Görüş zamanı Günay Ağamalı məktəbdə layihələr əsasında yaradılan “Yaşıl Guşə” və Planetari ilə, STEAM otaqları ilə yaxından tanış olmuş, özünün və məktəbin digər fəxri məzunlarının şəkillərinin olduğu stendin qarşısında xatirə şəkli çəkdirmişdir. Daha sonra məktəbin akt zalında onu gözləyən şagirdlər və ona vaxtilə dərs demiş müəllimlərlə görüşmüşdür. Görüş zamanı Millət vəkili şagirdlərin hazırladıqları sualları çox səmimi şəkildə cavablandıraraq istər müəllim, istərsə də şagirdlərin xatirəsində xoş təəssüratlar yaratmışdır. Görüşün yaddaqalan məqamlarından biri isə şagirdlərdən birinin Millət vəkilinə ünvanladığı: "Günay Ağamalı üçün Vətən hardan başlayır?" sualını cavablandıran zaman baş verdi. Günay xanım, sualı cavablandıran zaman onun Qərbi Azərbaycanla bağlı olan hisləri və arzuları dilə gəldi. Daha bir yadda qalan və təsirli məqamlardan biri isə Günay xanıma dərs demiş, hal - hazırda təqaüddə olan müəllimlərin Günay xanımla bağlı xatirələrini bölüşdüyü videorolikə baxış zamanı oldu. Millət vəkili bütün şagirdlərə gənclərin milli vətənpərvər ruhda böyüməsinin vacib şərt olduğunu xatırladaraq vətənpərvərlik tərbiyəsinin vətəni sevməkdən qaynaqlandığını bildirmişdir. Vətənin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, tarixi qəhrəmanlarına, sərkərdələrinə dərindən bələd olmaq və onları hər zaman, hər yerdə təbliğ etməyin zəruriliyini tövsiyə etmişdir. O bildirmişdir ki, Vətənpərvərlik hər bir insanın daxilində olan bir hissdir. Ana bətnindən tərbiyə edilməyə başlanan bu hissi əməlinlə və gördüyün işlə sübut edə bilərsən.