Yaşıl gələcək naminə: Şagirdlərdən ekoloji çağırış

Məktəbdə “Yaşıl layihə: Suveren dövlətin ekoloji dəyərləri” mövzusuna həsr olunmuş təqdimat proqramı keçirilib. Layihə çərçivəsində şagirdlər ekoloji maarifləndirmə və təbiətə qayğını təşviq edən müxtəlif çıxışlarla iştirak ediblər.
Tədbirin əsas məqsədi ətraf mühitin qorunmasının dövlət siyasətində tutduğu yeri vurğulamaq, eyni zamanda gənc nəslin ekoloji düşüncə tərzini inkişaf etdirmək olub.
Layihə çərçivəsində şagirdlər tərəfindən ingilis dilində hazırlanmış təqdimatlar, divar qəzetləri, əl işləri, səhnəciklər və musiqili nömrələr təqdim olunub. “Protect the Earth – Respect Your Nation!” (“Yer kürəsini qoru – Dövlətini uca tut!”) kimi yaddaqalan şüarlarla çıxış edən şagirdlər həm Azərbaycan, həm də dünya üzrə ekoloji problemlərə diqqət çəkiblər.
Tədbirin ən maraqlı hissələrindən biri keçirilən təcrübə olub. Şagirdlər müxtəlif mənbələrdən götürülmüş su nümunələrinin təmiz və ya çirkli olmasını müəyyən etmək üçün praktik analiz aparıblar. Bu, onlarda elmi-tədqiqat bacarıqlarının formalaşmasına və su ehtiyatlarının qorunmasının vacibliyinə dair daha dərindən anlayış yaratmağa xidmət edib.
Sonda layihədə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim olunub. Tədbir məktəbdə ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilib.