“İstiqlal Sədası” adlı tədbir keçirildi

28 May – Müstəqillik Günü münasibətilə məktəbdə “İstiqlal Sədası” adlı tədbir təşkil olundu. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan – Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında şagirdlərə geniş məlumat verildi.
Tədbirdə qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, bu qısa zaman kəsiyində xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə mühüm töhfələr vermişdir.
Tədbirdə həmçinin müasir müstəqil Azərbaycanın inkişaf yolundan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edildi. Qeyd olundu ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan regionda güclü və nüfuzlu dövlətə çevrilib.
Ardınca şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya, səhnəciklər, vətənpərvər şeirlər və musiqi nömrələri nümayiş olundu. “İstiqlal nəğməsi”, “Azərbaycan bayrağı” və “Ey Vətən” kimi əsərlər tədbirə xüsusi ruh qatdı.