Şagirdlərimiz Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər
Liseyimizin 6c rus bölməsi şagirdləri musiqi müəllimi Gülbəniz Muxtarovanın təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyi gediblər.
Muzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir. Birinci korpusda 7 otaq Avropa incəsənətinə, 10 otaq rus incəsənətinə, qalanları isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunub. İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub. Bu otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları sərgilənir.Kişi və qadın kəmərlərinin, həmçinin silahların sərgiləndiyi ayrıca zallar vardır. Bu zallarda sərgilənən sənət nümunələri qiymətli metallardan hazırlanmaqla, qiymətli və yarı-qiymətli daşlarla bəzədilmişdir. Ümumilikdə muzeydə 17000-dən çox eksponat saxlanılır. Buna görə də bütün eksponatları eyni vaxta göstərmək mümkün olmur. Lakin tez-tez dəyişən ekspozisiyalar muzeyi ziyarət edənlərin vaxtaşırı əksər eksponatları görməsini təmin edir.
Antik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyasına Azərbaycan ərazisindən aşkarlanmış antik və orta əsrlərə aid müxtəlif sənət nümunələri daxildir. Bu kolleksiyanın bir hissəsi muzeyin səkkiz zalında nümayiş etdirilir. Nümayiş etdirilən əsərlər arasında Naxçıvandan aşkarlanmış Manna dövrünə aid tunc quş fiqurları, Bakı və Şəkidən aşkarlanmış e.ə. III–I əsrlərə aid qadın fiqurları, Şamaxı rayonunu Xınışlı yaşayış yerindən aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid insan fiqurları, Gəncə, Beyləqan, Qəbələ və Mİngəçevirdən aşkarlanmış müxtəlif dövrlərə aid dəyərli sənət əsərləri olan qab nümunələri, Xəzər arxeoloji ekspedisiyasının Bayıl qalasında aşkarladığı daş pilitələr üzərində lent yazısı kitabələri, Urud abidələr kompleksindən və Laçın rayonundan gətirilmiş daş at və qoyun fiqurları (məzar daşları) da vardır.
Şagirdlər muzey haqqında ərtaflı məlumatlar alıb və muzeydən xoş təəsüratla ayrılıblar.