“Məktəblərdə Ekoloji Liderlik, Yaşıl Məktəb” trend sessiyası keçirilib
Oktyabrın 6-da Bakı şəhəri üzrə fəaliyyət göstərən ümumtəhsil məktəbləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar və COP29 öncəsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin dəstəyi ilə COP29 Məlumat Mərkəzində "Məktəblərdə Ekoloji Liderlik, Yaşıl Məktəb" trend sessiyası keçirilib.
Sessiyada gələcəyin yaşıl liderlərinə ekoloji problemlər və onların həlli yolları ilə bağlı maraqlı məlumatlar verilib, iştirakçılar Yaşıl məktəb layihələri ilə tanış olub öz layihələrini yaratmağa həvəsləndiriliblər, komanda şəklində işləyib liderlik bacarıqlarını inkişaf etdirərək əyləncəli oyun və interaktiv fəaliyyətlərdə iştirak ediblər.
"Məktəblərdə Ekoloji Liderlik, Yaşıl Məktəb" trend sessiyasında liseyin "Bal arıları" Ekoklunun rəhbəri Mətanət Qasımovanın təşkilatçılığı ilə şagirdlərimiz Əsgərli Leyla, Xəlil Fuad, Qarayeva Nur, Hacalı Nuridə, Məmmədli Nuray, Mirzəyeva Məhbub da iştirak ediblər.