Qələmlə dünya dəyişir

287 nömrəli “Zəkalar” liseyində şagirdləri ədəbi-bədii yaradıcılığa təşviq edən tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərin yazı, tənqidi və estetik düşünmə bacarıqlarını üzə çıxarmaq və formalaşdırmaq idi. Eyni zamanda müəllim və şagirdlər arasında emosional bağlılığı artırmaq idi.
Tədbir çərçivəsində liseyin müxtəlif sinif şagirdləri öz qələmindən çıxan esse, hekayə və şeirləri, rəsm əsərlərini, işlənmiş qələm, marker və flomasterlərdən hazırlanan əl işləri təqdim etdilər. Onların duyğularla zəngin və düşündürücü yazıları məktəb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Sərgilənən nümunələr şagirdlərin təkcə bədii düşüncə tərzini deyil, həm də emosional zənginliyini və fərdi baxış bucağını nümayiş etdirirdi. Eyni zamanda müəllimlərin də iştirakı sərgiyə xüsusi rəng qatdı – onların layihə və əl işləri şagirdlərə həm nümunə, həm də ruhlandırıcı dəstək oldu.
Liseydə təşkil olunan sərgidə müəllimlər, valideynlər və digər qonaqlar şagirdlərin yazı nümunələri ilə tanış oldular, onların yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirdilər. Tədbirin sonunda iştirak edən şagirdlərə hədiyyələr təqdim olundu.
“Bir qələm – min duyğu, bir sətir- min sevgi!” devizi ilə keçirilən layihə bir daha göstərdi ki, şagirdlərə söz azadlığı və yaradıcı ifadə imkanı verildikdə, onlar cəmiyyətin gələcəyi üçün zəngin düşüncələrə və ideyalara sahib olduqlarını nümayiş etdirə bilirlər.