Yeni dərs ili başladı

15 sentyabr 2023-ci il tarixinə təsadüf edən “Bilik Günü” bütün respublikada olduğu kimi liseyimizdə də təntənəli şəkildə qeyd edildi. Tədbir üçün liseyin kollektivi, şagirdlər, valideynlər və qonaqlar liseyin həyətinə toplanmışdı. Yeni tədris ilinin ilk gününün gətirdiyi həyəcan və sevinc hər kəsin üzündən oxunurdu. Dövlət himninin səslənməsi ilə başlanan tədbiri liseyin direktoru Aygün Əhmədli açıq elan etdi. Tədbir iştirakçılarını salamlayan lisey rəhbəri bayram münasibətilə hər kəsi təbrik etdi. Liseyin ötən tədris ilində qazandığı uğurları qürur hissi ilə sadalayan A.Əhmədli bu dərs ilində də şagirdlərə yeni nailiyyətlər arzuladı. Daha sonra liseyin qonaqları Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Anar Məmmədov və Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov çıxış edərək lisey kollektivini uğurlu fəaliyyəti və yeni dərs ili münasibətilə təbrik etdilər, yeni nailiyyətlər arzuladılar. Liseyin şagirdlərinin ifasında mahnılar, birincilərin ifasında səslənən şeirlər tədbiri rəngarəng və yaddaqalan etdi. Tədbirin sonunda yeni dərs ilinin ilk zəngi çalındı.