Yarım qalmış arzular

   Biz, Zəkalar ailəsi olaraq sənin kim olduğunu bilirik. Amma istərdik ki, səni hamı tanısın.

   2011-ci ildə Zəkalar liseyinin birinci sinifinə qəbul olunaraq ailəmizin bir üzvünə çevrildin. Oxuduğun illər ərzində çalışqanlığın, mədəniyyətin,  davranışınla həm pedaqoji heyətin, həm də sinif yoldaşlarının rəğbətini qazandın. Çox oxudun, çox çalışdın, müəllimlərinin görmək istədiyi əsl şagirdlərdən biri oldun.

    Bir neçə ay əvvəl sinif yoldaşlarınla bərabər fəxr edirdin. Fəxr edirdin ki, liseyi bitirən 103 məzunun 103-ü də tələbə adı qazandı. Bu 103 tələbə arasında adın önlərdə dayanırdı: 670 bal... İmtahanın yüksək nəticələrinə görə sinif yoldaşlarından ayrı düşmək istəmədin, digər yeddi yoldaşınla bərabər ADA universitetinin İT və Mühəndislik ixtisasını seçdin. Gələcəklə bağlı o qədər gözəl fikirlərin, arzuların vardı. Bir vətəndaş kimi sənin parlaq bir gələcəyə sahib olacağına inanır və səninlə qürur duyurduq.

    Lakin...  Lakin  çox təəssüf və ürək ağrısı ilə aldığımız xəbər bütün Zəkalar liseyini sarsıtdı. Müəllimli-şagirdli  “kaş bu xəbər yalan ola” ümidi ilə səhəri açdıq. Amma çox təəssüf olsun ki, açılan səhər də bu xəbərin doğruluğunu bizə bir daha sübut etdi.

    Ailənin yeganə övladı, ata və ana... Qusarın Cağar kəndində yerləşən “Park Qusar” otelindəki koteclərin birində baş vermiş dəhşətli yanğında həyatlarını itirmişlər.

   Bu yanğında təkcə bir ailə həlak olmadı. Bu yanğında gələcəkdə Azərbaycana, millətinə fayda verəcək, ürəyi arzular, yeni-yeni ideyalarla zəngin bir insan ömrü dayandı.

    Dəyərlimiz, Rauf! Sən bizim qəblərimizdə yaşayırsan. Hər gün səhər məktəbə gələndə şərəf lövhəsində vurulmuş şəklin bizi qarşılayır, arzu dolu məsum gözlərin bizi yola salır.

   Unudulmayacaqsan!

    Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi