“AEROKOSMİK mühəndislik- pilotsuz uçan aparatlar mərkəzi” layihəsinin bağlanış mərasimi keçirildi

    24 fevral 2022-ci il tarixində Zəkalar liseyində Təhsildə inkişaf və innovasiyalar üzrə qrand müsabiqəsinin qalibi  “Pilotsuz uçan aparatlar-Aerokosmik mühəndislik” adlı layihənin bağlanış mərasimi keçirildi.  Tədbirin rəsmi hissəsində söz layihənin rəhbəri 287 nömrəli Zəkalar liseyinin direktoru Aygün Əhmədliyə verildi. Aygün Əhmədli layihənin başlanğıcından bu günə kimi görülən işlər barədə məlumat verdi:

    “2021-2022-ci tədris ili üçün nəzərdə tutulmuş layihəmiz Təhsil Nazirliyinin xüsusi diqqət və marağına səbəb oldu. Layihə texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir, mühəndislik bacarıqlarını öyrədir,şagirdləri hansı peşəni seçmələrindən asılı olmayaraq həyata hazırlayır .

   Türkiyə və İsrail dövlətlərinin təcrübəsinə baxmış olsaq, görərik ki, onlar bu sahələr üzrə peşəkar  mütəxəsisləri məktəb vaxtlarından yetişdirməyə başlayırlar. Bugün Azərbaycanda bu mərkəzləri məktəbə gətirmək lazımdır. Hazırda Təhsil Nazirliyi məktəblərdə STEAM layihəsinin tədrisinə başlamışdır. Amma bu STEAM layihəsi içərisində Pilotsuz uçan aparatların inkişaf etdirilməsi ilə bağlı bir mərkəz olmadığı üçün Bakı şəhər 287 nömrəli Zəkalar liseyinin nəzdində Azərbaycanda ilk yeni model STEAM layihəsi “ Gənc mühəndislər- AERO Robotexnika Mərkəzinin “ yaradılması irəli sürüldü.

    Bəli, bizim mərkəzdə PUA- ları məhz öz şagirdlərimiz istehsal edəcək, proqram təminatı yazacaq, sonra onları idarə edəcəkdi. Biz bu məqsədə çata bildik.  Bu işdə bizə əziyyəti keçən hər kəsə, başda Mikayıl müəllimə öz dərin təşəkkürümüzü bildiririk. Artıq  bir neçə aydır davam edən təlimlərdə şagirdlər müəyyən ibtidai bacarıqlar əldə etdi. Hətta ibtidai şəkildə hər biri  təyyarə maketləri hazırladı.

Layihənin məqsədi inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi, öyrənilməsi və tədris edilməsidir. Əsas vəzifələr: dronla işləmək bacarığı, onların xüsusiyyəti və yığılmasının şagirdlərə öyrədilməsi, şagirdlərə aviaraket modelçiliyi və  aeromühəndislik  peşələrinə yiyələnməyə yardım edilməsi, gələcək Pilotsuz Uçan Təyyarə mühəndislərinin hazırlanması və bu gənc mühəndislərin  inkişaf etdirilməsidir.

     Əgər şagirdlər əvvəllər daha çox nəzəri biliklərə üstünlük verirdilərsə, STEAM təhsilində təkcə nəzəri biliklər deyil, həm də bu biliklərin real həyatda necə tətbiq olunmasını araşdırmağa və buna dair ideyaları irəli sürmək imkanına malikdirlər. STEAM sistemi təhsil alanlarda əhəmiyyətli bacarıqları inkişaf etdirir. Bu bacarıqlar sırasında  problemlərin həll edilməsi, tənqidi düşünmə, müstəqil düşünmə bacarığı, liderlik, komanda işi, ünsiyyət, yaradıcılıq, rəqəmsal savadlılıq və s. var. Bunlar isə XXI əsr bilikləri deməkdir.

    Gənc konstruktorlar – AERO Robotexnika Mərkəznin  Zəkalar liseyinin nəzdində şagirdlərin texniki yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadlı və yaradıcı şagirdlərin üzə çıxarılması sayəsində böyük əhəmiyyəti olacaqdır. Mərkəz gələcəkdə bu layihənin davamlılığı  üçün də önəmli rol oynayacaqdır. Mərkəz fəaliyyətini 8-13 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə təşkil edəcək. Bu Azərbaycanda ilk dəfə təqdim olunan dron istehsal tədrisi və dron yarışmasını əhatə edən kompleks proqramdır.”

     Tədbirin rəsmi hissəsi layihə boyunca görülən işləri əks etdirən videoçarxın izlənməsi və  layihənin iştirakçısı olan şagirdlərin diplomlarla mükafatlandırılması ilə başa çatdı.

    Daha sonra tədbir iştirakçıları, liseyin müəllim və açıq heyəti liseyin həyətində açıq ərazidə toplandılar. Şagirdlərin öz əlləri ilə hazırladıqları dronlar, təyyarə və helikopterlər havaya qaldırıldı. Dronların köməyilə Azərbaycan Respublikasının üçrəngli bayrağı yüksəklərdə dalğalandı. Aylar sürən zəhmətlərin gözəl nəticələri alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi