Qarabağ Azərbaycandır!

     

  Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı günlərini yaşayır, qəhrəmanlıq salnaməsinin yeni səhifələrini yazır. Mübariz ordumuz yad tapdağı altında inləyən yurd yerlərimizi tam azad etmək ərəfəsindədir. Xalqımız 30 ildir ki, belə bir günün gəlişini gözləyirdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının əmri ilə torpaqlarımızın geri qaytarılması uğrunda haqq savaşına atılmışıq. Silahlı Qüvvələrimizin rəşadətli əsgər və zabitləri təcavüzkar Ermənistan ordusunun əzəli və əbədi torpaqlarımızdan geri oturdulmasından ötrü əllərindən gələni edir, əsl qəhrəmanlıq nümunələri göstərirlər. Hamımızın diqqəti doğma Qarabağımıza yönəlib. Cəbhədən gələn xoş xəbərləri, düşmən tapdağından azad edilmiş ərazilərimiz haqqında verilən məlumatları eşitdikcə ürəyimiz fəxrlə, qürur hissi ilə döyünür.

     Belə bir vaxtda Prezidentimiz milli maraqlarımıza və işğal olunmuş torpaqlarımızda suveren hüququmuzun bərpasına söykənən prinsipial mövqeyi biz ziyalılarımızı da eyni cəbhədə səfərbər edir. Hər birimiz özümüzü ərazi bütövlüyümüzün, suverenliyimizin keşiyində dayanan Azərbaycan Ordusunun əsgəri kimi hiss edir, uzun illərdir işğal altında qalan torpaqlarımızın düşməndən təmizlənməsi missiyasına öz töhfəmizi verməyə çalışırıq.

    Uğrunda döyüşdüyümüz torpaqlar dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq hüququn birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanıdığı ərazilərimizdir. Bu ərazilərin qeyd - şərtsiz boşaldılması haqqında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Amma təcavüzkar Ermənistan dövləti nəinki bu qətnamələrin icrasından boyun qaçırır, eyni zamanda, Azərbaycana qarşı dövlət başçısı səviyyəsində yeni ərazi iddiaları ilə çıxış edir, bu məqsədlə guya onun ölkəsində on minlərlə könüllünün silaha sarıldığını bildirir, xarici ölkə vətəndaşlarını işğal etdiyi torpaqlarımızda məskunlaşdırır. Vətənimizin mədəniyyət beşiyi saydığımız Şuşamızı heç bir dünya dövləti, hətta Ermənistanın özü tərəfindən tanınmayan qondarma rejimin paytaxtı elan edir. Orada “prezidentin inaqurasiya” tədbiri keçirir. “Qarabağ Ermənistandır” deyir. Bununla da, həm Cenevrə Konvensiyasının tələblərini açıq şəkildə pozur, həm də münaqişənin danışıqlar, masası arxasında, sülh yolu ilə həllini mümkünsüz hala gətirir. Və bu zaman unudur ki, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi belə olan halda Azərbaycana həm də müdafiə hüququ verib. Baxmayaraq ki, bir sıra dünya dövlətləri ikili standartlardan çıxış edir, işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyur.

Bu gün biz o hüquqa və dünya birliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması faktına istinad edərək, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərimizi düşməndən təmizləmək missiyasını yerinə yetiririk. Azərbaycan Ordusunun hədəfi düşmənin işğal altındakı torpaqlarımızda yerləşdirdiyi hərbi obyektləridir. Bizim ordumuz erməni vandallarından fərqli olaraq mülki əhalini atəşə tutmur.

Son günlər cəbhənin Goranboy, Tərtər, Ağdam, və s. istiqamətində düşmən tərəfindən atılan mərmilərin partlaması nəticəsində onlarla dinc Azərbaycan vətəndaşı o cümlədən azyaşlı uşaqlar, məktəb şagirdləri həlak olub, yaralanıblar, mülki obyektlərə ciddi ziyan dəyib. Bütün bunlar ermənilərin Xocalıda, Ağdabanda, Qaradağlıda silahsız insanlara, xüsusilə qocalara, qadınlara və uşaqlara qarşı törətdikləri, insanlığa sığmayan hərbi cinayətlərin davamıdır.

Belə bir vaxtda Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması, həm də Cənubi Qafqaz regionunda sülhün, əmin- amanlığın bərpasına xidmət edir. Biz ziyalılar döyüş əməliyyatlarını qaçılmaz edən Ermənistan siyasi rəhbərliyinin təxribat xarakterli son addımlarını qətiyyətlə pisləyir, eyni zamanda, erməni analarına müraciət edirik: övladlarınızın yad torpaqlarda döyüşməsinə, yaralanmasına, həlak olmasına imkan verməyin. İmkan verməyin ki, övladlarınız bir para dar düşüncəli, gerizəkalı rəhbərlərinizin siyasi ambisiyalarının qurbanına çevrilsinlər, nahaq qanlar axıdılsın. Onsuz da bu torpaqlarda sizin dövlət rəhbərlərinizin qeyri - konstruktiv mövqeyi və təcavüzkar siyasəti nəticəsində on minlərlə günahsız Azərbaycan vətəndaşının qanı axıdılıb, on minlərlə günahsız Azərbaycan vətəndaşı qətlə yetirilib.

Onların çirkin missiyası bu gün də davam etdirilir. Bu gün də işğal olunmuş torpaqlarımızda nahaq qanlar tökülür. Amma sizdən və sizin övladlarınızdan fərqli olaraq biz öz əsgər balalarımızla birgə nəyin uğrunda mübarizəyə qalxdığımızı və savaşa atıldığımızı yaxşı bilirik. Bilirik ki, biz öz doğma torpaqlarımız uğrunda döyüşürük. İşimiz haqq işidir!

Təəssüf ki, bu döyüşlərdə şəhid olan hərbi qulluqçularımız da var. Mən bu qəhrəman oğullarımızın valideynlərinə səslənirəm: Əyilən qamətini düzəlt, başını uca tut, şəhid atası, şəhid anası! Sizin oğullarınızın qanı heç vaxt yerdə qalmayacaq! Müzəffər ordumuz hər bir şəhidimizin qisasını düşməndən alacaq! Məni bu sözləri deməyə vadar edən cəbhədən gələn qələbə xəbərləridir. Bir neçə saat ərzində yeddi yaşayış məntəqəmizin düşməndən azad edilməsi xalqımızın ürəyində Böyük Qələbəmizin uzaqda olmadığına əminlik yaradır. Arzularımızın gerçəkləşdiyi bir ərəfədəyik.

Bu mübarək günün gəlişini tezləşdirmək üçün arxa cəbhədəki insanların da üzərinə böyük məsuliyyət düşür. Axı düşmən həm də bizə qarşı kəskin informasiya müharibəsi aparır. Əhali arasında həqiqətə uyğun olmayan dezinformasiyalar, şayiələr yayır. Cəmiyyətin, xüsusilə sadəlövh və məlumatsız təbəqəsində şübhə və çaşqınlıq yaradır, bu qisim insanlar arasında ruh düşkünlüyü və inamsızlıq təlqin edir. Ona görə də heç bir əsası olmayan, daha çox erməni xüsusi xidmət orqanları tərəfindən dövriyyəyə buraxılan məlumatlara həssaslıqla yanaşmaq, onların sıralarımızda ayaq açıb yeriməsinə imkan verməməliyik. Bundan ötrü yalnız və yalnız rəsmi informasiya resurslarımızın məlumatlarına istinad etməli və inanmalıyıq. Bununla da hər birimiz müharibə qanunları ilə yaşamalı, öz cəbhəmizin əsgərinə çevrilməli, ümumxalq qələbəmizə xidmət etməli, dövlət başçımızın ətrafında sıx birləşməliyik.

Biz bir yerdə güclüyük! Birliyimiz böyük qələbəmizin qarantıdır! İnanırıq ki, dünya dövlətləri Azərbaycan xalqının haqq səsini eşidəcək, ən qısa müddətdə bir milyondan çox insanın üzərindən qaçqın - köçkün adı götürüləcək, şanlı ordumuzun qələbə xəbərini eşidəcəyik. “Qarabağ şikəstəsi”nin Xankəndidə, Şuşada, ümumilikdə, işğaldan azad edilmiş yurd yerlərimizdə Qələbə marşı kimi səslənəcək gün yaxındadır. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!..

Aygün Əhmədli,

YAP Xətai Rayon Qadınlar Şurasının sədri,
“Zəkalar” liseyinin direktoru,
biologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi