“Qurtuluşa Aparan Yol”

13 iyun 2025-ci il tarixində, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə B. Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə dəyirmi masa təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Ağasıyeva çıxış edərək 15 İyun tarixinin xalqımız üçün əsl qurtuluş günü olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə baş verən sosial-iqtisadi və siyasi inkişaf prosesləri dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiyasında mühüm rol oynayıb. Bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin həmin kursu uğurla davam etdirməsi dayanır. Bu uğurların ən parlaq nümunəsi isə Vətən müharibəsində qazanılan Zəfərdir. Daha sonra çıxış edən tarix müəllimi Mahirə Nağiyeva və ədəbiyyat müəllimi Arzu Məmmədova Ümummilli Liderin 1993-cü il 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışının dövlətçilik tariximizdə şanlı bir səhifə olduğunu vurğulayıblar. Onlar qədirbilən xalqımızın bu böyük xilaskarın əvəzsiz xidmətlərini daim minnətdarlıqla yad etdiyini bildiriblər.