Pedaqoji Şura iclası

Sentyabrın 12 – də məktəbin akt zalında 2025 – 2026 – cı tədris ilinin Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru Nuridə Qarayeva 2024 – 2025 – ci tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, məktəbin Qızıl Medal alan və 600 – dən yüksək bal toplayan məzunları, Respublika Fənn Müsabiqələrinin təbiət fənni üzrə gümüş medalçı şagirdi haqqında, 2025 – 2026 – cı tədris ilinin fəaliyyət istiqamətləri, təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələlər haqqında məlumatları pedaqoji şura iştirakçılarının diqqətinə çatdırdı.
Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, tam orta təhsil səviyyəsində təmayül və adi siniflərin komplektləşdirilməsi, I sinfə şagird qəbulu, 2025 – 2026 – cı tədris ilində müəllimlərin həftəlik dərs yükü və dərs cədvəlinin təsdiqi, fənlər üzrə metodbirləşmə sədrlərinin və sinif rəhbərinin təsdiqi haqqında ətraflı məruzə etdi, müvafiq qərarlar qəbul edildi.
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rzayeva məktəbli formaları, şagirdlərin məktəbdaxili nizam intizam qaydaları haqqında məlumat verdi.
Məktəbin kitabxana müdiri Sevinc Rəhimova çıxış edərək 2025 – 2026 – cı tədris ilində öncədən təyin edilmiş qrafikə müvafiq olaraq şagirdlərin dərslik, müəllimlərin metodik vəsaitlə tam təmin edildiyini bildirdi.
Pedaqoji Şura iclasında məktəbə yeni təyinat alan müəllimlər pedaqoji heyətə təqdim olundu. Yeni təyinat alan müəllimlər “Müəllim andı” içərək öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə söz verdilər.
Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırdılar.