Son zəng - 2025

İyunun 14 – də məktəbdə ənənəvi "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra məktəbin “Koroğlu” uvertürasının sədaları altında Azərbaycan Bayrağını tədbirə gətirilərək məktəb heyətinin tədbirə hazır olduğunu bildirdi. Ardınca 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevinc Musayeva çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı və valideynlərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Tədbirdə şəhid valideyni – eyni zamanda şəhid Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun anası, Quliyeva Mətanət Nadir qızı – 11a sinif şagirdinin valideyni duyğulu və təsirli çıxış etdi. Daha sonra 11-ci sinif şagirdləri – məzunlar – səhnəyə dəvət olundular.
Tədbir zamanı tədris ili boyunca xüsusi fəaliyyəti ilə seçilən məktəbin bir qrup müəllimi və 11-ci sinif şagirdlərinin valideynləri fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olundular. Məktəbin 2024 – 2025 – ci tədris ilində əldə etdiyi uğurlar və nailiyyətlər qeyd olundu. Bildirildi ki, məktəb “Sabahın Alimləri”, Respublika Fənn Müsabiqələri, intellektual yarışlar, idman sahələrində mühüm nailiyyətlər əldə edib. Bu uğurlar həm müəllim kollektivinin zəhmətinin, həm də şagirdlərin əzminin nəticəsidir. Birinci sinif şagirdləri isə səhnəyə çıxaraq şeir parçaları ilə məzunları təbrik etdilər.
Məktəbin məzunları rəqs və musiqi nömrələrini təqdim etdilər. Ənənəyə uyğun olaraq, məktəbin rəmzi açarı 11-ci sinif şagirdi tərəfindən 10-cu sinif şagirdinə təhvil verildi. Tədbir məktəbin həyətində səslənən "Son zəng" sədaları ilə başa çatdı.