“Körpə Gülüşlər, Böyük Ümidlər”

Mayın 29 – da “1 iyun – Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” münasibətilə məktəbdə “Körpə Gülüşlər, Böyük Ümidlər” adlı möhtəşəm bir tədbir keçirildi. Tədbirin təşkilatçısı rus bölməsinin ibtidai sinif müəllimi Günay Əşrəfovanın təşəbbüsü və rəhbərliyi ilə şagirdlər bu əlamətdar günü yaddaqalan şəkildə qeyd etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra uşaqlar sevilən cizgi film qəhrəmanlarından səhnəciklər nümayiş etdirdilər. Maraqlı və rəngarəng səhnələr məktəbli uşaqların yaradıcılığını və səhnə bacarığını nümayiş etdirdi.
Tədbir boyu şagirdlər müxtəlif rəqs nömrələri, kompozisiyalar və bədii səhnəciklər təqdim etdilər. Onlar hər bir çıxışda bütün dünya uşaqları üçün sülh, əmin-amanlıq və xoşbəxt gələcək arzularını ifadə etdilər. Tədbirin ümumi ab – havası uşaq gülüşləri, alqışlar və bayram əhval-ruhiyyəsi ilə dolu idi.
Günay Əşrəfova qeyd etdi ki, uşaqlar yalnız ailənin deyil, cəmiyyətin də gələcəyidir. Onların hüquqlarının qorunması, inkişafına dəstək verilməsi və gülüşlərinin daim olması bizim ən əsas vəzifəmizdir.
Tədbirin sonunda məktəbin direltoru Sevinc Musayeva çıxış edərək, balaca fidanların bu təşəbbüsünü və səmimi çıxışlarını yüksək qiymətləndirdi. Sevinc Musayeva tədbir iştirakçılarına: “Bu gün bu səhnədə gördüyümüz hər bir uşaq, sabahın ziyalı vətəndaşıdır. Onların parlayan gözləri, təmiz qəlbləri və səmimi arzuları bizə gələcəyə ümid verir. Biz təhsilverənlər üçün ən böyük mükafat onların uğurudur. Körpə fidanlarımızın bu işıqlı yolunda hər zaman onlara dəstək olacağıq. Uşaqlarımızın hər günü bayram əhval-ruhiyyəsində keçsin!”