"Narkotiksiz gələcək naminə!” adlı maarifləndirici görüş
Aprelin 23 - də Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov, İdarənin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis baş leytenantı Fərrux Həsənov, Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva, 283 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, “Vətən” idman liseyinin direktoru Tərminə Əsədova, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 283 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov narkomaniyanın necə bir bəla olduğunu, gənclərimizə və uşaqlarımıza bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə söhbət açaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, törətdiyi faciələr barədə geniş məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün ölkədə həyata keçirilən islahatlardan, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğundan söhbət açdı və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Daha sonra geniş məruzə ilə çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, polis əməkdaşları bu istiqamətdə müxtəlif əməliyyat tədbirləri həyata keçirir. Lalə Əliyeva bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruri olduğunu bildirdi.
Tədbir şağirdləri maraqlandıran suallar cavablandlrmaqla müzakirə formatında davam etdi.