Birinci dərslər “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olundu
Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən yanvarın 19 – u ilk dərslər “20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə” həsr olundu. Təlimata müvafiq olaraq məktəbin I – IV siniflərində “20 Yanvar şəhidləri”, V – IX siniflərində “ 20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X – XI siniflərdə “20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” adlı dərslər keçirildi.
Dərslər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dərslərdə fənn müəllimləri 20 Yanvar faciəsinin Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsinin ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu şagirdlərin nəzərinə çatdırdılar. 34 ildir Azərbaycan xalqının bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad etdiklərini vurğuladılar. Eyni zamanda Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaqlarını, Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacağını qeyd etdilər.
Dərslərdə iştirak edən məktəb rəhbərliyi illər ötsə də, nəsillər dəyişsə də, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacağını, onlar heç vaxt unudulmayacaqlarını şagirdlərin diqqətinə çatdırdı.