Payız məktəbi, maarifləndirici görüş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün “Payız məktəbi” davam edir.
Payız tətili günlərində keçirilən “Payız məktəbi”nin əsas məqsədi uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb – valideyn əməkdaşlığını müzakirə etmək, qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb – valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq, müəllimin və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
Noyabrın 20 – də təşkil olunmuş “Payız məktəbi”ndə məktəb rəhbərliyi, BŞTİ – nin Ümumtəhsil Sektorunun baş məsləhətçisi Elşad Səfixanov və 83 nömrəli məktəb – liseyin biologiya müəllimi, qabaqcıl təhsil işçisi, yaradıcı müəllim müsabiqəsinin qalibi Kəmalə İslam, məktəbin psixoloqu, müəllimlər və valideynlər (evdə təhsilə cəlb olunan şagirdlərin valideynləri) iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva hər kəsi salamlayaraq “Payız məktəbi” haqqında, eyni zamanda valideynlərə məktəb, şagird və valideyn əməkdaşlığının səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verdi.
83 nömrəli məktəb – liseyin biologiya müəllimi, qabaqcıl təhsil işçisi, yaradıcı müəllim müsabiqəsinin qalibi Kəmalə İslam valideynlərlə “İnklüziv təhsil” mövzusunda öz həyat təcrübəsinə əsaslanan maarifləndirici söhbət apardı, zəruri informasiyalar verdi. Kəmalə İslam hazırladığı təqdimatla inklüziv təhsilə cəlb olunan uşaqlara xüsusi diqqət və həssaslıqla yanaşma ilə paralel olaraq eyni zamanda onları irəliləyişə gətirib çıxaran tədbirlərin həyata keçirilməsi istiqamətində faydalı tövsiyələrini verdi.
BŞTİ – nin Ümumtəhsil Sektorunun baş məsləhətçisi Elşad Səfixanov öz çıxışında “Məktəb üçbucağı” anlayışı olan məktəb, ailə və cəmiyyət əməkdaşlığının düzgün şəkildə təşkilindən danışdı. Elşad Səfixanov xüsusilə qeyd etdi ki, bu üçbucağın bütün tərəfləri güclü olduqda məktəb həyatında, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə imza atmaq olar. Bu üçbucağın özlüyündə də valideyn – məktəb münasibətlərinin müasir qloballaşma şəraitində, elektron informasiya axınının insanların həyatına icazəsiz müdaxilə etdiyi bir zamanda daha həssas və vacib tərəf olduğunu qeyd etdi.
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.