Rəşadətlə yaşayanlar
Sentyabrın 27 – də məktəb üzrə “27 Sentyabr – Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirildi. Məktəbin həyətində məktəb rəhbərliyinin, müəllimlərin, şagirdlərin iştirakı ilə qələbə hissini bizlərə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş abidə ziyarət olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevinc Musayeva Milli Ordumuzun 27 sentyabr 2020 – ci ildə başlayan 44 günlük uğurlu əks – hücum əməliyyatları nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmələrini qürur və fəxrlə söylədi. Sevinc Musayeva öz çıxışında milli ruhda böyüyən gənclərimizin 30 il işğal altında qalan torpaqlarımızın – Qarabağın azad olunmasında Ali Baş Komandan İlham Əliyevin ətrfında yumruq kimi birləşib, birlik, qəhrəmanlıq göstərərək müsəlləh əsgər kimi Vətənin çağırışına yollandıqlarını qeyd etdi.
Məktəbin tarix müəllimi Rəhilə Heydərli öz çıxışında 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixini qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən şəhidlərimizin müqəddəs xatirələrinin qəlbimizdə əbədi yaşayacağını hər kəsin diqqətinə çatdırdı.
Sonra kiçik məktəblilər məktəb rəhbərliyinin və müəllimlərin müşayiəti ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ Müharibəsi şəhidi, məktəbin şəhid məzunu Rəşad Ağayev adına, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, İkinci Qarabağ Müharibəsi şəhidi, şəhid valideyn Ruslan Tağıyev adına, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, İkinci Qarabağ Müharibəsi şəhidi Nurlan Mustafayev adına, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, İkinci Qarabağ Müharibəsi şəhidi, Rəşad Quliyev adına, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ Müharibəsi şəhidi, Tural Zeynalov adına sinif otaqları ilə tanış oldular. Məktəblilərə tarix yazan qəhrəmanların keçdiyi döyüş yolu haqqında məlumatlar verildi.
Məktəbin rus bölməsinin rus dili və ədəbiyyatı müəllimi Zərifə Aslanova sinif rəhbəri olduğu 5d sinif şagirdləri ilə “Qəhrəmanlar Unudulmur!” adlı təşkilat saatı məktəb rəhbərliyi tərəfindən dinlənildi. Şagirdlər İkinci Qarabağ Müharibəsinin unudulmaz qəhrəmanları haqqında hazırladıqları təqdimatları, çəkdikləri rəsmləri, topladıqları informasiyaları nümayiş etdirdilər.
Onlar “Vətən Var Olsun!”, “Şəhidlər Qəhrəmanlarımızdır!”, “Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!” şüarlarını səsləndirdilər.