“Heydər Əliyev ili” – sinif təşkilat saatı
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə aprelin 11 – də məktəb rəhbərliyinin, müəllimlərin iştirakı ilə məktəbin ibtidai sinif müəllimləri Samirə Kərimovanın 1c, Gülər Qafarovanın 1ç, Aygün İsrafilovanın 5f siniflərində sinif təşkilat saatları dinlənildi. Birincilərin təşkilat saatları Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Ümummilli lider haqqında hazırladıqları məlumatları, divar qəzetlərini təqdim etdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Çıxışına Ümummilli liderin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.” kəlamı ilə başlayan Samirə Kərimova Ulu öndərin cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, diqqət göstərməsini onların nəzərinə çatdırdı. Uşaqlara olan diqqət və qayğının nəticəsi onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verdiyini söylədi. Ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, hüquqlarının qorunması üçün yaradılmış geniş imkanlardan faydalanmağı şagirdlərə tövsiyə etdi.
Gülər Qafarova birincilərin diqqətini Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycannın 1994 – cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsinə, “Bakı SOS uşaq kəndi”nin salınmasına yönəltdi. Burada Avropa standartlarına uyğun ailə evi, uşaq bağçası və digər yardımçı binaların fəaliyyəti haqqında onlara məlumat verdi. “Bakı SOS uşaq kəndi”ndə kimsəsiz, valideyn himayəsindən məhrum, yetim, atılmış uşaqlar tərbiyə almasını qeyd etdi. Gülər Qafarova tərəfindən verilən bütün informasiyalar şagirdlər tərəfindən maraqla dinlənildi.
Sonda çıxış edən məktəb rəhbərliyi məktəbin ibtidai sinif müəllimlərinə və birincilərə maraqlı təşkilat saatı üçün təşəkkürlərini bildirdilər.