Mükafatlandırma
Martın 7 – də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü və 8 Mart - "Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib.
Tədbir başlamazdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq əlamətdar günlər münasibəti ilə təbrik etdi. YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. O, partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi. Vüsar İsmayılov, həmçinin rayon təşkilatının fəaliyyətinə nəzər saldı. Bildirdi ki, YAP-ın yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də məhz Binəqədi rayon təşkilatıdır. Sıralarında 16 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. Rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırdı. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirdi. Bu gün ölkəmizin dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırdı. Xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı bütün sahələrdə öz elmi, zəkası, əməyi ilə fədakarlıqlar göstərən xanımları “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi. Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Fəxri fərman və hədiyyələr ilə təltif olundu.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfura Mahmudova təltif olunan xanımlar sırasında yer almışdır. Məktəbin müəllimini pedaqoji kollektiv adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!