“Doğma məktəbim” – ümumməktəb tədbiri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F – 145 nömrəli əmrinə əsasən “Ailəm və məktəbim” layihəsinin keçirilməsi haqqında əmr verilmişdir. Layihənin keçirilməsində məqsəd Ailə - məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaq şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirilməsinə və özünü dərketməsinə, bilik və bacarıqlarını inkişaf etdirilməsinə sistemli töhvə verməsidir.

“Ailəm və məktəbim” layihəsi çərçivəsində “Günəşin zərrələri” müəllim – valideyn birliyinin təşkilatçılığı ilə mayın 20 – də “Doğma məktəbim” adlı ümumməktəb tədbiri keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi, Psixoloji – Tibbi – Komissiyasının sədri Elşad Səfixanov, məktəb rəhbərliyi, sağlamlıq imkanları məhdud uşaqlar, valideynlər və müəllimlər iştirak etdilər. Tədbirin keçirilməsində məqsəd sağamlıq imkanları məhdud uşaqlara psixoloji – mənəvi dəstək olmaq, məktəbdə öz həmyaşıdları ilə yeni dostluq əlaqələri yaratmaq, onların sosiallaşmasına şərait yaradaraq cəmiyyətdə öz mövqelərini tapa bilmələrinə istiqamətləndirməkdir.  

Tədbir məktəbin foyesində 44 günlük II Qarabağ müharibəsinin qəhrəmanlarının yad edilməsi ilə bağlı kompozisiya ilə başladı. Sağlamlıq imkanları məhdud uşaqların məktəbdaxili ekskursiyaları məktəbin müxtəlif guşələrində davam etdirildi. Məktəbin idman zalında 5c, 6e sinif şagirdlərindən ibarət komandalar maraqlı oyun nümayiş etdirərək hərflər toplusundan “Ailəm və məktəbim” sözünü yazmaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Stolüstü oyunlarda da iştirakçılar rəqabət hissi ilə bir – biriləri ilə mübarizə apardılar. Sonra layihə çərçivəsində yaradılmış “Günəşin zərrələri” müəllim – valideyn birliyi üçün nəzərdə tutulmuş otaqla, görülmüş işləri əks etdirən stendlərlə, birliyin devizi və loqosu ilə tanış oldular. Məktəbin təlim işləri üzrə direktor müavini Svetlana Kərimova  birliyin adının yaradılmasının açıqlamasını verdi. Birliyin döş nişanları qonaqlara təqdim edildi. Məktəbdaxili ekskursiya şəhid otaqlarına ziyarətlə davam etdirildi. İştirakçılar məktəbin akt zalında şagirdlərin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hazırladıqları bədii hissəyə tamaşa etdilər. Eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar öz həmyaşıdları ilə bərabər səhnədə rol aldılar.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova iştirakçılara öz təşəkkürünü bildirərək, fərqli formatda təşkil olunmuş tədbiri yüksək qiymətləndirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi, Psixoloji – Tibbi – Komissiyasının sədri Elşad Səfixanov öz çıxışında sağlamıq imkanları məhdud olan şagirdlərə göstərilən bu diqqət və qayğını təqdirəlayiq hesab edərək estafetin digər təhsil müəssisələrində də davam etdirilməsini arzuladı. Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva “Ailəm və məktəbim” layihəsi çərçivəsində görülən işlərin qısa məruzəsini etdi, tədbiri təşkil edən layihə rəhbəri Hicran Əliyevaya və”Günəşin zərrələri” müəllim – valideyn birliyinin fəal üzvlərinə minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud olan uşaqlara və bütün çətinliklərə sinə gərən fədakar valideynlərə bu yolda tolerantlıq nümayiş etdirərək daha əzimli olmağı arzuladı.

Tədbirdə məktəbin ibtidai sinif müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin” qalibi Aygün Bədəlova müəllifi olduğu “Ümumitəhsil müəssislərində inklüziya mədəniyyətinin formalaşdırılması” adlı metodik vəsaitini yardımçı resurs kimi valideynlərə təqdim etdi.

Tədbirdə iştiarak edən valideynlər çıxış edərək evdə təhsilə cəlb olunmuş müəllimlərin işini yüksək qiymətləndirdi, onlara öz minnətdarlığını bildirdi.

Tədbirin bədii hissəsi bitdikdən sonra məktəbin 7ç, 9c sinif şagirdlərinin fəal iştirakı ilə sağalmlıq imkanları məhdud olan uşaqlar öz həmyaşıdları ilə daha səmimi otramda, çay süfrəsi arxasında görüşlərini davam etdirdilər. Sonda iştirakçılara “Günəşin zərrələri” müəllim – valideyn birliyinin loqosunu əks etdirən yaxalıqlar, fincanlar, hədiyyələr təqdim olundu. Sağlamlıq imkanları məhdud olan uşaqlar doğma məktəbdən yüksək təəsürat hissi ilə ayrıldılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi