27 Sentyabr – Anım Günü
“27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı”na uyğun olaraq sentyabrın 27 – də məktəbdə anım günü keçirildi. Tədbir Dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin tarix müəllimi Saday Qasımov çıxış edərək 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə əsasən Müzəffər Ordumuzun “dəmir yumruq” əməliyyatı nəticəsində düşmənin məğlub edildiyini, Vətən müharibəsinin Azərbaycan Dövlətini tarixi qələbəyə doğru apardığını qeyd etdi.
Məktəbin şəhid şagirdi Rəşad Ağayevin atası Rövşən Ağayev, şəhid valideynimiz polkovnik – leytenant Ruslan Tağıyevin övladı Fuad Tağıyev, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayev və Baş gizir, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin doğmaları – məktəbimizin müəllimləri Hökumə Fərhadova və Nailə Yusifova çıxış edərək Vətən uğrunda canlarını qurban verən qəhrəman oğulların şücaəti diqqətə çatdırıldı.
Məktəbimizin məzunu 44 günlük müharibədə qəhrəmanlıq göstərən hərbiçi – zabit Rəhim Qarayev öz çıxışında döyüş yoldaşlarının “dəmir yumruq” kimi birləşərək apardıqları mübarizəni fəxrlə qeyd etdi.
Şəhid şəkillərini xüsusi ehtiramla sinəsində daşıyan məktəblilər şeirlər söylədi, musiqilər ifa etdilər.