“Narkomaniyaya yox deyək” mövzusunda tədbir

Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olduğundan ona qarşı mübarizə bütün dövlətlərin qarşısında duran başlıca vəzifələrdən birinə çevrilib. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə bir sıra addımlar atılmaqdadır. 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə bağlı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində həm də müxtəlif mövzularda toplantılar, diskussiyalar, açıq dərslər və bir sıra kütləvi maarifləndirici tədbirlər həyata keçirilir. Bu məqsədlə oktyabrın 24-də məktəbimizdə Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölmə rəisi polis polkovnik leytenantı Namiq Məmmədov və narkomaniyaya qarşı mübarizə bölməsinin əməliyyat müvəkkili Səyavuş Səfərovun iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.