“Cənub hekayələri”nin tarixi izləri

“17 Noyabr Milli Diçəliş Günü” ilə bağlı VIIc sinfində Mirzə İbrahimovun “Cənub hekayələri” başlıqlı əsərlər toplusunun müzakirəsi keçirildi. Müzakirə “Milli Diçəliş Günü”nə həsr edilmiş musiqili slaydla başlandı. Hekayələrdə təsvir olunan azadlıq fədailəri ilə müstəqilliyimiz uğrunda çarpışan mücahidlərin amal birliyindən danışıldı. “Tonqal başında”, “On iki dekabr”, “İztirabın sonu”, “Azad” hekayələrinin qəhrəmanları balaca “aktyorlar” tərəfindən canlandırıldı. Övladını döyüşə yola salan ana, dostu qucağında can verən əsgər istər bədii əsərdə, istərsə də real həyatda ürək ağrısı ilə qarşılanıb. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova bədii əsərlərlə real tarixi hadisələrin əlaqəsindən danışaraq bildirdi ki, bu gün baş verənlər sabah tarixə çevrilir və Milli Dirçəliş Günü kimi qeyd etdiyimiz 17 Noyabr da yaxın keçmişimizin qürur tarixidir. “Hekayələrin ideyası ilə 20% torpağı işğal altında olan hər bir Azərbaycan vətəndaşının ideya və arzusu eynidir” fikri üzərində duran uşaqlar bir daha əminliklə bildirdilər ki, Savalan dağından bütöv Azərbaycanı seyr etmək istəyən Azad kimi, biz də Şuşa qalasından bütöv Azərbaycanı fəxrlə seyr edəcəyik.