"Oxu günü-3" layihəsi davam edir

Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə "Oxu günü-3" layihəsi bu dəfə də VIIIe sinfində tətbiq edildi. 14.04.2017-ci il tarixində layihə çərçivəsində C.Məmmədquluzadə yaradıcılığına müraciət olundu. Kitabxanada dəyirmi masa ətrafında yığışan uşaqları əvvəlcə kitabxanaçılar Nazilə və Səyyarə xanım C.Məmmədquluzadənin çap edilmiş əsərləri ilə tanış etdilər. Sonra drammaturq, yazıçı və publisist olan bu böyük şəxsiyyətin Azərbaycan ədəbiyyatında rolu və "Molla Nəsrəddin" jurnalından danışan şagirdlər jurnalın fəaliyyətini əks etdirən albom təqdim etdilər. "Danabaş kəndinin məktəbi" əsərindən danışan şagirdlər bu əsərin maarif, elm, təhsili dəyərləndirmək baxımından əvəzsiz olduğunu vurğuladılar. Cəhalətin, avamlıq və riyakarlığın məhz elmsizlikdən yarandığını bildirdilər. Sonda Zərövşən müəllimə "Danabaş kəndinin məktəbi"ndən müasir tipli yeni məktəblərə qədər uzun bir inkişaf yolu keçmiş xalqımızın elmə, təhsilə, maarifə indiki marağından danışdı. Bu işdə dövlətimizin gördüyü işlərdən, xüsusiylə vitse-prezident Mehriban xanımın rolunun danılmazlığını vurğuladı.