Xüsusi yaradıcı dərs

Məktəbin 7a sinifində Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın təşəbbüsü ilə ədəbiyyat dərsi çərçivəsində xüsusi yaradıcı dərs keçirilib. Dərsin əsas məqsədi aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə hazırlanan tamaşalar vasitəsilə ədəbiyyatı daha canlı və əyani formada təqdim etmək olub. Dərs çərçivəsində şagirdlər Azərbaycan və dünya ədəbiyyatından seçilmiş bədii nümunələri səhnələşdirərək, müxtəlif obrazları canlandırıblar. Səhnəciklərdə təkcə ədəbi qəhrəmanlar deyil, həm də dünya səyyahları, məşhur alimlər, yazıçılar və şairlərin obrazları da təqdim olunub. Bu yanaşma şagirdlərə geniş dünyagörüşü qazandırmaqla yanaşı, fərqli dövrlərə və mədəniyyətlərə səyahət imkanı yaradıb.Şagirdlər böyük maraqla məşhur tarixi və ədəbi simaları – səyahətçi Marko Polo, alim İbn Sina, yazıçı Cəlil Məmmədquluzadə, şairlər Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir və başqalarını canlandıraraq, onların ideyalarını, fikirlərini və dövrə təsirini səhnə vasitəsilə çatdırıblar.