Bir çiçək, min xatirə...Xocalı soyqırımı 33 il..

Təbiətin dirçəlişi, baharın ilk nəfəsi kimi açılan badam çiçəyi 2019-cu ildə cənab prezident İlham Əliyevin sərəncamına əsasən 26 fevral 1992-ci il tarixində baş verən insanlıq dramının qaranlığını işıqla yarıb, həm kədəri, həm də ümidi təcəssüm etdirdiyinə görə Xocalı faciəsinin rəsmi simvolu elan edildi. Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədova rəhbərlik etdiyi 5ə sinfində Xocalı soyqırımının qurbanlarını anarkən yeni nəsillər üçün “Badam çiçəyi tarixi yaddaşla gələcək arasında körpüdür” şüarı əsas qayə kimi şagirdlərə aşılandı. Təqdimatın gedişatında “Ana harayı” abidəsi xatırlandı, şagirdlər faciənin simvolu olan badam çiçəklərini sinələrində qalib xalqın məğrur övladları olaraq qürurla daşıdılar, səhnəcikləri, şeirləri, əl işləri, çıxışları ilə soyqırım qurbanlarının xatirələrinin ölümsüzlüyünü yad etdilər. O da vurğulandı ki, Xocalı faciəsinin tarixi (fevralın 26) Azərbaycan mədəniyyətində həmişə mətanət, təzə başlanğıc və gözəlliklə əlaqələndirilən badam çiçəklərinin açdığı dövrə təsadüf edir. Qanla sulanmış torpaqda çiçəklənən badam, bir tərəfdən itkilərin kədərini, digər tərəfdən isə dirçəliş və ədalətə inamı ifadə edir. Bu təbiətin "zamanla dəyişməyən yaddaşı" kimi qəbul edilir. Badam ağacı qış aylarında çiçək açaraq şiddətə, soyuğa qarşı mübarizə aparır. Xocalı qurbanlarının ruhu da eynilə bu çiçək kimi zülmə boyun əyməmişdir, onlar ölümsüzdür. Çiçəyin də ağ rəngi təmizliyi, çəhrayı çaları isə həyat sevincini tərənnüm edir. Xocalı soyqırımından sonra yenidən doğuşu simvollaşdıran badam çiçəyi folklorda "göz yaşı" ilə əlaqələndirilir. Xocalı faciəsindən sonra bu simvol daha da dərinləşdi, əbədiləşdi, zülm nə qədər şiddətli olsa belə həyatın qələbə çalacağını ümid rəmzi oldu. Xocalı soyqırımı artıq “qalib” xalqın qan yaddaşıdır. Bu yaddaş hər açılan badam çiçəkləri ilə yenidən xatırlanacaq, əsrlər boyu solmayacaq, unudulmayacaqdır!