“20 Yanvar- tarixin unudulmaz yaddaş anıdır” mövzusunda Təşkilat saatı

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.
Məktəbin ibtidai sinif müəllimi Xatirə Məmmədova rəhbərlik etdiyi 3”A” sinfinin körpə fidanları ilə “20 Yanvar- tarixin unudulmaz yaddaş anıdır” mövzusunda Təşkilat saatı keçirtdi. Əvvəlcə sinif rəhbəri bu qanlı gecə, onu törədənlər və yaddaşımıza həkk olunan tarixi səhnələr haqqında ətraflı danışdı. Balaca vətənpərvərlər öyrəndikləri məlumatları, şeirləri dilə gətirərkən bir xalqa, millətə edilən zülmün amansızlığından bəhs etdilər. Azərbaycan xalqının bir yumruq kimi birləşib əliyalın tanklar qarşısına çıxıb azadlıq tələb etmələrindən danışdılar. Müstəqillik toxumlarının səpildiyi o gün Azərbaycan çox şəhid verdi...
Canından, qanından keçərək milləti ümidli gələcəyə inandıran o şəhidləri heç vaxt unutmaq olmaz. Onlar bizim inam yerimiz, əbədi uyuduqları müqəddəs torpaq isə and yerimizdir. Çəkdikləri şəkillər, hazırlanan plakatlar, göstərilən səhnəciklər həmin günün faciəsini tam əks etdirirdi. Tədbirdə TTİ üzrə direktor müavini Bəsti Nəsibova da iştirak edərək uşaqları vətənpərvər olmağa, onu qorumağa səslədi. Şagirdlər bu günü, onu törədənləri və həmin gün xalqın oyanışına səbəb olan Şəhidlərimizi unutmayacaqlarına söz verdilər. Allah Şəhidlərimizə rəhmət eləsin.
Təşkilat saatından sonra sinif rəhbəri uşaqlarla birlikdə “Şəhidlər Xiyabanı”na gedərək məzarlar üzərinə tər qərənfillər qoydular. 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidə kompleksini də ziyarət etdilər.