“Gəlin təbiəti biz də düşünək, o özü hər şeyi düşünən kimi”

Məktəbin ibtidai sinif müəllimi Xatirə Məmmədova rəhbərlik etdiyi 2”A” sinfinin təbiətsevərləri ilə “5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirtdi. “Gəlin təbiəti biz də düşünək, o özü hər şeyi düşünən kimi” adlanan tədbiri sinif rəhbəri giriş sözü ilə açıq elan etdi. Hamımızın təbiətin bir parçası olduğumuzu qeyd edən müəllim təbiətə bu və digər yolla təsir və zərərlərimizdən danışdı. Şagirdlər də öz növbəsində təbiətlə bağlı hazırladıqları məlumatları, çəkdikləri şəkilləri təqdim etdilər, şeirlər söyləyib, kiçik səhnəciklər göstərdilər. Təbiətin qorunması, səmərəli istifadəsinə aid öz fikir və təkliflərini irəli sürdülər. Müxtəlif şüarlar səsləndirərək Ana Təbiətə sevgilərini, heyvan və bitki aləminin qorunmasının zərurətini, ətrafı çirkləndirmədən istifadənin önəmini ifadə etdilər. Tədbirdə məktəbin TTİ üzrə direktor müavini Bəsti Nəsibova da iştirak edirdi. O, Xatirə müəllimə və körpə fidanlarının hazırladığı tədbiri yüksək qiymətləndirdi.