"Şuşa ili"nə həsr olunmuş tədbir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyəti və yüksək mədəni- mənəviyyatını nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin məhz "Şuşa ili" elan edilməsiylə bağlı sərəncam imzalayıb. Biz də bu tarixi hadisəyə biganə qala bilməzdik. Məktəbin 6"D" və 6"Ə" sinif şagirdləri möhtəşəm qələbəmizi bizə yaşadan şəhidlərimizin ruhu qarşısında mənəvi borcunu verərək coğrafiya müəllimi Gülşən Zamanova və musiqi müəllimi Vəfa Məmmədovanın rəhbərliyi ilə tədbir hazırladı. Tədbir iştirakçıları Şuşanın tarixi, təbiəti, maddi mədəniyyət nümunələri haqqında məlumatları izləyənlərin diqqətinə çatdırdılar. Məktəbin direktoru Dadaş Əliyev Şuşanın tarixi əhəmiyyəti haqqında danışdı. Daha sonra Şuşa şəhərinin işğalçılardan azad edilməsində canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla andılar. Tədbirin qonağı olan şəhid Elzar Yusubovun anası öz ürək sözlərini dedi. Şəhidin azyaşlı qızı Ayan da atasına ithaf etdiyi şeir parçası söylədi.