Psixoloji zorakılıq haqqında yeniyetmələrin maarifləndirilməsi və profilaktik işin təşkili

Psixoloji zorakılıq haqqında yeniyetmələrin maarifləndirilməsi və profilaktik işin təşkili məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova 7”Ç” sinif şagirdləri ilə söhbət apardı. O qeyd etdi ki, psixoloji zorakılıq insanın “mənlik şüuru”nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur. Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur.