"Azərbaycan ordusunun 44 günlük zəfər yürüşü" adlı virtual şeir müsabiqəsinin finalı

`Qələbə! Sən nə üçün bu qədər şirin, bu qədər möhtəşəmsən. Sənin dadını hiss etdikcə insan yaşamaq, qurmaq, yaratmaq istəyir. Bu dəfə də ədəbiyyatçılar quran, yaradan, söz mücrüsünü ürəkdən açan istedadlı şagirdləri bir araya gətirdilər. Fevralın 17-də İlk mərhələsi 15 fevralda keçirilən "Azərbaycan ordusunun 44 günlük zəfər yürüşü" adlı virtual şeir müsabiqəsinin finalına həsr edilmiş tədbir keçirildi. Müsabiqə qaliblərinin canlı şeir söyləməsi, bədii nümunələrlə bağlı klipləri, eləcə də qalib aşıqların virtual deyişməsi tədbirə xüsusi rəng qatdı. Amma tədbiri daha möhtəşəm və yaddaqalan edən Şuşa Xüsusitəyinatlılarının zabiti 2-ci Qarabağ savaşında Suqovuşandan Şuşaya qədər şərəfli döyüş yolu keçmiş Pərviz Məmmədovla canlı bağlantı oldu. Gövhər ağa məscidindən tədbir iştirakçılarını salamlayan zabitimiz öz cəsurları ilə Vətənin keşiyində ayıq-sayıq durduqlarını bildirdi. Və qazanılan qələbənin əsl müəllifinin məhz müəllimlər olduğunu vurğuladı. Çünki gənclərin bir vətəndaş kimi formalaşmasında misilsiz xidmətləri olan yalnız onlardır.
Müsabiqə təşkilatçıları və məktəb rəhbərliyi belə tədbirlərin uşaqların vətənpərvər ruhda böyüməsində əvəzsiz olduğunu bildirdilər.