“20 yanvar – azadlıq toxumu əkən şəhidlərimiz” adlı Təşkilat saatı

Məktəbin 9”E” sinif şagirdləri məktəb rəhbərliyinin iştirakı ilə “20 yanvar – azadlıq toxumu əkən şəhidlərimiz” adlı Təşkilat saatı keçirdilər. Giriş sözü ilə çıxış edən sinif rəhbəri Nərminə Şirəliyeva qeyd etdi ki, XX əsrin qan yaddaşı 20 YANVAR tariximizdə təkcə faciə kimi deyil, həm də milli azadlıq hərəkatının oyanış günüdür. Xalqımızın azadlıq istəyini hayqırdığı, bu amal uğrunda cəsarətlə meydana atıldığı bir gündür. Sonra şagirdlər 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı faciə haqqında fikirlərini bildirdilər, şeirlər söylədilər. Vurğuladılar ki, “ canımızda dövr edən hər damla qanımız siz şəhidlərin bir damla qanı qarşısında xəcalətlidir, borcludur!”
Sonda məktəbin direktoru D.Əliyev çıxış edərək tədbirin bu günkü gündə aktuallığını, bu gün şagirdlər qarşısında duran vətənpərvərlik ruhunun formalaşmasında təqdirəlayiq olduğunu bildirdi. Bu gün Vətən Müharibəsindəki qələbəmizin təmin olunmasında Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə və bizə öz qanları, həyatları bahasına qələbə sevincini yaşadan şəhidlərə borclu olduğumuzu vurğuladı.
Direktor müavini Arzu Əliyeva da minnətdarlığını bildirib, bu gün şəhidlərimizi, onların qəhrəmanlığı və tanıdılması istiqamətində daha çox belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.