“Qarabağ ədəbiyyatı” və  “Ədəbiyyatda Qarabağ” mövzularında şagird konfransı

    06.01.2021-ci il tarixində “Qarabağ ədəbiyyatı” və  “Ədəbiyyatda Qarabağ” mövzularında şagird konfransı keçirildi. Konfrans zəfər günlərini yaşadığımız üçün, milli qürurumuzu bir daha yüksəltdiyi üçün Ali Baş Komandanımız İlham Əliyevə, müzəffər ordumuza, əsgərlərimizə, şəhidlərimizə minnətdarlıqla başlandı. Qüdrətli dövlətimizin, həmvətənlərimizin səyi sayəsində qazandığımız qələbənin daimi olacağına, Azərbaycanın daim yüksələcəyinə əminlik bildirildi. Konfransın əvvəlində məktəbin direktoru Dadaş Əliyev konfrans iştirakçılarına uğurlar arzuladı. Tədbirin istiqamətləndirici müəllimi Flora Osmanova ixtisasından, işindən, yaşından asılı olmayaraq, hər bir azərbaycanlının ilk borcunun, ilk işinin vətəni olmasını vurğuladı. Qarabağı sadəcə tərənnüm etmək, zəfərimizə sevinmək yetərli deyil. Hər bir vətəndaşın bacarığına görə fəaliyyət göstərməli, Qarabağın tarixini, mədəniyyətini, ədəbiyyatını öyrənməli və onu bütün dünyada təbliğ etməli olduğunu xüsusi olaraq nəzərə çatdırdı. F.Osmanova bildirdi ki, hər bir dərsdə vətənimizi diqqət mərkəzində saxlamalı və bundan sonra da bu missiyamızı davam etdirməliyik. Deyilənlər keçmiş dərslərdən fraqmentlər göstərilməklə əsaslandırıldı.

Konfranda bildirildi ki, Qarabağ maddi nemətlərdən çox milli-mənəvi nemətləri ilə tanınıb: ozan və aşıq, poeziya və musiqi, sənət və sənətkar yetişdirib Şuşa, Qarabağ. Məhz Cıdır düzü Azərbaycana təbii və mənəvi ab-hava paylayan müqəddəs qoruq, şeir beşiyi, mahnı çeşməsi olub. “Külli Qarabağın abi-həyatı” ən çox məhz Qarabağda bayatıdan, poeziyadan, musiqidən ibarət olub. Bədii ədəbiyyatın, bədii təfəkkürün, folklorun, dilin, musiqinin, milli özəlliyin məkanla, təbiətlə sintezi, qovşağı çox az bölgələrdə burada olduğu qədərdir. Sevinc hissilə bildirildi ki,  daha bədbin ruhlu bədii əsərləri – Vətən bağı al-əlvandı, Yox içində xarıbülbül kimi fikirləri  Vətən bağı al-əlvandı, Var içində xarıbülbül kimi  nikbin ruhlu misralar əvəzləyəcək.

Konfransda 10C və 11Ç sinif şagirdləri Qarabağ ədəbiyyatı və mövzusu Qarabağ olan əsərlər barədə oxuduqları haqqında fikirlər söylədilər, topladıqları məlumatları və təqdimatlarını nümayiş etdirdilər. Şagirdlər fikirlərini xarici dillərdə  də ifadə etməklə  beynəlxalq aləmdə də  Vətənimiz Azərbaycanı, xüsusən də Qarabağı layiqincə təbliğ edəcəklərini göstərdilər. Konfransda iştirak edən şagirdlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi “The true facts about Garabagh” toplusundan  kitabçalar hədiyyə edildi.

Konfransın sonunda məktəbin direktoru Dadaş Əliyev minnətdarlığını bildirib bu müqəddəs yolda şagirdlərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi