“Son zəng”

14 iyun 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə məzunlar üçün ənənəvi "Son zəng" tədbiri keçirildi. Tədbir məktəbin akt zalında təntənəli və duyğulu atmosferdə baş tutdu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının qarşılanması və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Rəsmi mərasim məktəbin kollektivi, şagirdlər və valideynlər tərəfindən yüksək ehtiramla qarşılandı. Bayraq və himn mərasimi tədbirə ciddi və mənalı bir başlanğıc verdi, iştirakçılarda vətənpərvərlik duyğularını daha da gücləndirdi.
Daha sonra məktəbin direktoru çıxış edərək məzunlara ürəkdən gələn arzularını çatdırdı, onların təhsil illərində qazandıqları uğurlardan danışdı və qarşıdakı həyat yollarında onlara uğurlar arzuladı. Ardınca müəllimlərin, valideynlərin və şagirdlərin səmimi çıxışları tədbirə xüsusi rəng qatdı.
Tədbirin bədii hissəsində məzun şagirdlər səhnələşdirilmiş kompozisiyalar, şeirlər, musiqi nömrələri və rəqs ifaları ilə çıxış etdilər. İllərdir məktəb həyatında birgə addımlayan dostlar və müəllimlərlə vidalaşmaq duyğusal anlar yaşatdı.
Məktəbdə fərqlənən, ictimai fəallıq və təhsildə yüksək nəticələr göstərən məzunlara təşəkkürnamələr təqdim olundu. Tədbir "Son zəng" sədalarının səslənməsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
Bu unudulmaz gün hər bir məzunun yaddaşında silinməz iz qoydu. Onlara həyat yollarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!