“Erkən nikahın fəsadları" mövzusunda dəyirmi masa keçirilib

Məktəbimizdə şagirdlərin maarifləndirilməsi məqsədilə “Erkən nikahın fəsadları” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirin əsas məqsədi erkən yaşda nikahın yaratdığı fəsadlar barədə şagirdlərə geniş məlumat vermək, onların hüquqlarını tanımalarına və gələcək həyatlarına düzgün istiqamət vermələrinə dəstək olmaq olub.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, erkən nikah — adətən 18 yaşından aşağı yaşda olan şəxslərin valideyn razılığı və ya məcburiyyəti ilə evləndirilməsi — bir sıra ciddi problemlərə yol açır. Belə hallar uşaqların təhsilinin yarımçıq qalmasına, fiziki və psixoloji sağlamlıq problemlərinə, erkən hamiləlik və doğuş risklərinə səbəb ola bilər. Eyni zamanda, erkən nikahlar qadınların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, sosial təcridə və ailədaxili zorakılığa gətirib çıxara bilər.
Tədbirdə erkən nikahların həm hüquqi baxımdan qanunsuzluğu, həm də cəmiyyət üçün yaratdığı mənfi nəticələr xüsusi vurğulanmışdır. Şagirdlərə bu cür nikahların qarşısının alınması, maarifləndirmənin əhəmiyyəti və uşaqların hüquqlarının qorunması barədə ətraflı məlumat verilmişdir.
Dəyirmi masa iştirakçılar arasında fəal fikir mübadiləsi ilə davam etmiş və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmışdır.