Zərərli vərdişlərin insan həyatına mənfi təsiri" mövzusunda dəyirmi masa keçirilib

Məktəbimizdə Reproduktiv Sağlamlıq Proqramı çərçivəsində “Zərərli vərdişlərin insan həyatına mənfi təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə şagirdlər zərərli vərdişlərin insan sağlamlığına və həyat keyfiyyətinə təsiri barədə maarifləndirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, siqaret çəkmək, spirtli içkilərdən istifadə, narkotik maddələrə aludəçilik, eləcə də həddindən artıq mobil telefon və internet istifadəsi kimi zərərli vərdişlər insan orqanizminə ciddi zərər vurur. Bu vərdişlər immun sistemini zəiflədir, ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs problemləri kimi ağır fəsadlara səbəb ola bilər. Eyni zamanda, bu cür davranışlar psixoloji vəziyyətin pozulmasına, stress, depressiya, sosial əlaqələrin zəifləməsi və ailədaxili münasibətlərdə gərginliklərə yol açır.
Tədbirdə vurğulanmışdır ki, zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi seçmək, fiziki və psixoloji sağlamlığın qorunmasında əsas rol oynayır. Bu kimi maarifləndirici görüşlər şagirdlərin düzgün istiqamətlənməsi və gələcəkdə sağlam cəmiyyətin formalaşmasına töhfə verməsi baxımından böyük əhəmiyyət daşıyır.