“Keçmişdən Gələcəyə Ailə Dəyərləri” Mövzusunda Dəyirmi Masa Keçirildi

Ailə hər bir cəmiyyətin təməl sütunu olaraq, fərdin formalaşmasında və sağlam ictimai münasibətlərin qurulmasında mühüm rol oynayır. Keçmişdə ailə dəyərləri daha çox ənənələrə, böyüklərə hörmətə və birgəyaşayış qaydalarına əsaslanırdı. Müasir dövrdə bu dəyərlər dəyişən həyat tərzi fonunda yeni formalar alsa da, sevgi, anlayış və qarşılıqlı dəstək prinsipləri öz aktuallığını qoruyub saxlayır.
Bu istiqamətdə şagirdlərdə ailə dəyərlərinə dair düzgün baxışın formalaşdırılması məqsədilə məktəbimizin psixoloqu Aynur Məmmədovanın təşəbbüsü ilə “Ailəm və Məktəbim” layihəsi çərçivəsində “Keçmişdən Gələcəyə Ailə Dəyərləri” adlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə məktəbin digər psixoloqu Nuranə Orucova və kitabxana müdiri İradə Məmmədova da iştirak etmiş, mövzu ətrafında dəyərli fikirlərini bölüşmüşlər.
Şagirdlər dəyirmi masa ətrafında aktiv iştirak etmiş, ailə dəyərləri ilə bağlı maraqlı təqdimatlarını nümayiş etdirmiş və öz düşüncələrini səsləndirmişlər. Tədbir interaktiv müzakirə ruhunda keçmiş, şagirdlər arasında ailəyə və cəmiyyətə dair sağlam münasibətin təməli kimi əhəmiyyətli mesajlar verilməsinə şərait yaratmışdır.
Bu cür tədbirlər gənc nəslin mənəvi dəyərlərlə zəngin formalaşmasına mühüm töhfə verir.