Şəhid Səbuhi Əliyevin Ailəsinə Ehtiram Ziyarəti

19 mart 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Arzu Məmmədova və Nübar Əliyevanın təşkilatçılığı ilə 1g və 3s sinif şagirdləri və onların valideynləri müqəddəs Ramazan və Novruz bayramları münasibətilə şəhid Səbuhi Tahir oğlu Əliyevin ailəsini ziyarət etmişlər.
Ziyarət zamanı şəhidimizin ailə üzvləri ilə görüş keçirilmiş, onların bayramı təbrik olunmuş və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə dərin ehtiram ifadə edilmişdir. Görüş çərçivəsində Səbuhi Əliyevin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlik və fədakarlıqlardan geniş söhbət açılmışdır.
Müəllimlər şəhid ailələrinə göstərilən diqqət və qayğının hər bir vətəndaşın borcu olduğunu vurğulayaraq, bu cür görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd etmişlər.
Qeyd edək ki, Səbuhi Əliyev 19 sentyabr 2023-cü il tarixində baş tutan antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə aşağıdakı təltiflərə layiq görülmüşdür:
- "Füzulinin azad olunmasına görə" medalı
- "Cəbrayılın azad olunmasına görə" medalı
- "Xocavəndin azad olunmasına görə" medalı
- "Cəsur döyüşçü" medalı
- "3-cü dərəcəli Vətənə xidmət ordeni" (ölümündən sonra)
Məktəb kollektivi şəhid ailələrinə olan dəstəyin davamlı olacağını bildirir, Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsini daim uca tutacağını bəyan edir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!