5G sinif şagirdlərinin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası

16 mart 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin 5G sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər. Səfər çərçivəsində şagirdlər üçün incəsənət tarixinə dair maarifləndirici və əyləncəli proqramlar təşkil olunub, onlara Azərbaycan incəsənəti haqqında sənədli film təqdim edilib və "Kölgə" tamaşası nümayiş etdirilib.
Ekskursiya Novruz bayramına həsr olunmuş və "Təsviri sənətdə Novruz mövzusu" adlı mühazirə ilə davam etmişdir. Mühazirədə milli-mədəni irsimizin ayrılmaz hissəsi olan bu qədim yaz bayramının adət-ənənələri və simvollarının rəngkarlıq, qrafika, heykəltəraşlıq və xalq sənətkarlığı nümunələrində əks olunması haqqında ətraflı məlumat verilib. Təqdimat zamanı muzeyin kolleksiyasından Əzim Əzimzadə, Əli Rzaquliyev, Səttar Bəhlulzadə, Hüseyn Haqverdiyev, Elmira Şahtaxtinskaya, Arif Hacıyev, Xalidə Səfərova və digər tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib. Şagirdlər bu təqdimatı böyük maraqla izləyiblər.
Daha sonra şagirdlər Novruz bayramına həsr olunmuş viktorinada iştirak edərək biliklərini sınayıblar. Səfər çərçivəsində təşkil olunan rəsmlər üzərində boyama fəaliyyəti isə onların ekskursiyasına xüsusi rəng qatıb. Bu tədbir şagirdlərin milli-mədəni irsimizi daha yaxından tanımalarına və incəsənətə maraqlarının artmasına töhfə vermişdir.